XƏBƏRLƏR

“Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsi çərçivəsində tədbirlərə start verilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsinin qalibi Dünya Veysəlovanın rəhbəri olduğu “Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsi çərçivəsində tədbirlərə start verilib. Layihə icra planına uyğun olaraq 02.12.2024 tarixində Lənkəran rayonu Hirkan qəsəbə tam orta məktəbində Yaşıl dünya mövzusunda təlim və divar-rəsm çəkilişi sessiyaları uğurla həyata keçirilib.

Tədbiri giriş sözü ilə “Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsinin rəhbəri, Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin müəllimi Dünya Veysəlova açaraq layihənin məzmunu və aktuallığı haqda fikirlərini ifadə edərək, yaradılan şəraitə görə Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib və layihənin işinə uğurlar diləyib. Sonra təlimə start verilib. Elm Tədris Akademiyasının rəhbəri, LDU-nun doktorantı, beynəlxalq sertifikatlı təlimçi, təhsil layihələri üzrə mütəxəssis Samir Salayevin təqdimatında “Yaşıl dünya” mövzusunda təlim interaktiv şəkildə təşkil olunub. Ekoloji sistemdə baş verən dəyişiliklərin idarə olunması, ətraf mühiti qorumaq, alternativ enerji resurlarından istifadədə ölkəmizin potensialı və mötəbər COP29 tədbirinin bütün dünya üçün əhəmiyyəti istiqamətlərində məlumatlar təqdim olunub. Şagirdlərin sualları cavablandırılıb.

Təlim sessiyasından sonra iştirakçı məktəblilər məktəbin layihə üçün müəyyən olunan divarlarında Yaşıl dünya ilə bağlı düşüncələrini əks etdirən rəsmlər çəkiblər. Böyük həvəslə rəsm çəkilişlərində iştirak edən məktəblilər fəallıqlarına görə layihənin xüsusi sertifikatları ilə təltif olunub.

Qeyd edək ki, “Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsi 15.10.2024-15.02.2025-ci il tarixlərində Lənkəran rayonunda icra olunur. Layihə çərçivəsində 15 ümumtəhsil müəssisəsindən seçilən 300 nəfər məktəblinin ekoloji savadlılığının artırılması nəzərdə tutulub.

“Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi
layihəsinin mətbuat xidməti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir