“Voleybol Akademiyası ilə uşaqların fiziki və psixoloji inkişafının dəstəklənməsi” layihəsinin açılış mərasimi keçirilib
“Voleybol Akademiyası ilə uşaqların fiziki və psixoloji inkişafının dəstəklənməsi” adlı layihənin açılış mərasimi keçirilib. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin açılış mərasimində məktəb rəhbərliyi, müəllimlər iştirak edib.
Layihə rəhbəri çıxış edərək qeyd edib ki, layihə çərçivəsində 20 nəfər həvəsli 7-8-ci sinif şagirdi seçiləcək. 3 aylıq 48 saatlıq proqram hazırlanacaq. Onların yaşına uyğun proqram hazırlanacaqdır. İlk öncə qaydalar və dəyərlər aşılanacaq daha sonra şagirdlərin inkişaf xəritəsinə əsasan digər fəaliyyətlər planlaşdırılacaq. 3 ay həftədə 2 dəfə hər dəfə 2 saat olmaqla dərsdən kənar fəaliyyətlər təşkil ediləcəkdir. Bu fəaliyyətlər zamanı şagirdlərin fiziki və psixoloji inkişafı ön plana çəkiləcəkdir.
Həmçinin qeyd olunub ki, voleybol fiziki inkişafa verdiyi töhfə ilə yanaşı, uşağın mənəvi inkişafına da kömək edir. Voleybol oynayarkən topun hərəkətini izləmək və ona uyğun hərəkət etmək uşaqların göz-əl və göz-ayaq koordinasiyasını yaxşılaşdırır. Komanda yoldaşları ilə işləməklə uşaqlar komanda ruhu yaratmaq və kollektiv şəkildə hərəkət etmək bacarığı qazanırlar. Daimi təlim uşaqlara intizamlı olmağın və məqsədə çatmaq üçün çalışmağın vacibliyini öyrədir.
Layihə voleybol akademiyasının qurulması ilə şagirdlərdə özünə inam, stresslə mübarizə, komanda ruhu, əzələ inkişafı, sosial bacarıqlar kimi amillərin inkişaf etdirilməsi məqsədini daşıyır.
Xatırladırıq ki, layihə Hacıqabul rayon İ.Həsənov adına tam orta məktəbdə Bahadur İsmayılov tərəfindən icra olunur.